Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Aydın Nəbiyev küçəsində yol çöküb. Vətəndaşlar bir ilə yaxındır ki, yolun təmir edilməməsindən şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a müraciət edən sakinlər bildirirlər ki, yol bir il bundan əvvəl kanalizasiya xətti çəkilməsi üçün qazılıb. Daha sonra isə təmir edilməyib. Sakinlərin sözlərinə görə, bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb.
“Şikayətimizdən sonra yola torpaq tökdülər. Lakin yağış yağdı və yol bundan sonra daha da çökdü. İndi yolda işarə və işıqlandırma olmadığı üçün tez-tez qəza olur. Bizə deyirlər, 15-20 günə yol təmir olunacaq, amma inanmırıq”.
Məsələ ilə bağlı ADSEA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin ərazi ilə bağlı sukanal idarəsi məlumatlıdır:
“Mövcud məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə də müraciət olunub. Yolda asfalt örtüyü yenilənəcək”.
Qeyd edək ki, mövcud problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanlanıb.
Aləmdə Nəsib