Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş verən yanğınla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.
Bu barədə Bond.az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb:
“Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb”.
13:36
Sumqayıtda zavodda başlayan yanğının söndürülməsi üçün xüsusi texnika cəlb edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Etilen-Polietilen Zavodunun ərazisində yerləşən yanacaq çənində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Yanğınsöndürənlər xüsusi təyinatlı texnikaların tətbiqi ilə yanan çənin söndürülməsi, həmçinin ətrafdakı digər çənlərin soyudulması ilə alovun onlara keçməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Hazırda fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov və Nazirliyin baş hərbi eksperti polkovnik Fərhad Səmədov hadisə yerindədirlər.