Azərbaycanda “Improtex Industries” zavodunun istehsal etdiyi “Revival” mexaniki minatəmizləyən texnikaları xaricdə artan maraqla qarşılanır. Bu istiqamətdə növbəti vacib addım Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi tərəfindən atılıb. 13-15 yanvar 2025-ci il tarixlərində Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana işgüzar səfər gerçəkləşdirib. Səfər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Səfər çərçivəsində “Improtex” Şirkətlər qrupunun təmsilçiləri ilə görüşlər keçirilib. Bu görüşlər zamanı Səudiyyə Ərəbistanına “Revival” markalı texnikaların ixracı potensialı və minatəmizləmə sahəsində mümkün əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.
Nümayəndə heyəti həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəsmiləri ilə görüş keçirib. Bu görüş çərçivəsində nümayəndə heyəti Qarabağa səfər edib, orada “Revival” texnikalarının real əməliyyat şəraitində sınaqdan keçmə prosesini izləyib. Bu texnikaların effektivliyi qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Səfər çərçivəsində daha bir vacib görüş Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə keçirilib. Bu görüşdə hər iki ölkə arasında hərbi sferada, xüsusilə mühəndis-texniki sahədə əməkdaşlıq perspektivləri dərindən müzakirə olunub.
Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyində də görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi və Azərbaycanın müdafiə sənayesi məhsullarının Səudiyyə Ərəbistanı bazarına çıxarılması üzrə imkanların genişləndirilməsi müzakirə olunub.
Bundan əlavə nümayəndə heyəti “Improtex Industries” zavodu tərəfindən ilkin prototipi hazırlanmış və gələcəkdə davamlı istehsalına başlanacaq tam yerli istehsal olan İTX 6L, İTX 15M və İTX 20H model zirehli hərbi avtomobillərinə baxış keçirib və onların perspektivi ilə tanış olublar.
Görüş əsnasında “Improtex” şirkətlər qrupu ilə Səudiyyə Ərəbistan Krallığı arasında uzunmüddətli əlaqənin əsası qoyulub. Bu səfər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dərinləşən müdafiə, iqtisadiyyat və texnoloji əməkdaşlığın növbəti nümunəsidir.