Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə olunacaq istənilən razılaşmanın icrasına hərtərəfli dəstək verəcəyini bildirib.
Bu barədə o, amerikalı həmkarı Donald Tramp və bir sıra müsəlman ölkələrinin liderləri ilə videokonfransda çıxış edərkən deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə regionda sülhün bərqərar olmasına çalışır və İranın nüvə proqramı da daxil olmaqla mübahisəli məsələlərə həll yolu tapmağın mümkün olduğuna inanır.
Videokonfransda İran və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Ərdoğan vurğulayıb ki, Türkiyə hər zaman dialoq və diplomatiyanın tərəfdarı olub.
O, Trampın rəhbərliyi ilə İranla aparılan diplomatik prosesin yeni mərhələyə çatmasından məmnunluq ifadə edib və əldə olunacaq sazişin regional sabitliyə töhfə verəcəyini bildirib.
Ərdoğan qeyd edib ki, Hörmüz boğazından azad keçidin təmin edilməsi dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.
Türkiyə lideri region ölkələrinin bir-birinə təhdid yaratmayacağı yeni dövrün başlamasını arzuladığını bildirib.
Xatırladaq ki, əvvəllər Tramp İranla gələcək sazişin layihəsinin ümumilikdə razılaşdırıldığını açıqlayıb. O, Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığı apararaq anlaşma memorandumunu müzakirə edib.












