"Ermənilərlə mümkün qədər mehriban rəftar edilməli və daha çox gəlməyə həvəsləndirilmələri üçün onlara lazım olan hər hansı yardım göstərilməlidir".
Bu sözlər 300 il əvvəl Rusiya çarı I Pyotrun imzaladığı fərmandan götürülüb. Həmin fərmanı indiki Rusiya hakimiyyəti tez-tez xatırlayır.
Rusiya ermənilərin "böyük himayədarı" obrazından siyasi alət kimi istifadə edir. Çətinlik olanda bu aləti işə salır. Əvvəlcə yüksək rütbəli məmurlar ermənilərə hədə-qorxu gəlir, sonra isə əlaltıları onlara züy tutur.
İndi növbəti "unutqanlıqla mübarizə" başlayıb. Ermənistanda iyun ayında parlament seçkisi keçiriləcək. Bu ərəfədə İrəvanın Moskvaya xoş getməyən hərəkətlərinə görə ritorika sərtləşib.
Şimaldan gələn təhdidlər erməni xalqının soyuqdan donub, acından ölmək perspektivinə yönəlib. Rusiya deyir: "Qazı dörd dəfə ucuz satırıq, aqrobazarımız yeganədir. Kəssək, batarsınız".
Ermənistanda vəziyyəti qızışdırmaq üçün "Tsarqrad" telekanalı çalışır. Kanal 44 günlük müharibənin nəticələrini kölgədə qoymağa, erməni "qəhrəmanlığı"nı tərifləməyə çalışır. Hətta Qarabağın Rusiya tərəfindən Azərbaycana "hədiyyə" edildiyi kimi absurd fikirlər səslənir.
Rusiya mediası erməniləri "unutqanlıq"da ittiham edir, amma özü yaddaş korluğu çəkir. Məsələn, Putin özü demişdi: "Siz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımısınız". İndi bunu unudurlar.
Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik müqavilələri var. Qarabağı geosiyasi oyun elementi kimi təqdim etmək strateji səhvdir. Bu yanaşma Rusiyanın regiondakı münasibətlərinə zərər vurur.
Ermənistanda revanşistlərə "itirilmiş Qarabağ" kartı ilə qol-qanad vermək radikallaşmanı artırır. Bu populizm Bakıda Moskvanın təzyiq və gərginlik rıçaqları qurmaq istəyi kimi qəbul edilir.
Otuz ildən artıq münaqişədən sonra iki ölkə sülhə köklənib. Rusiya isə köhnə kartı oynayaraq regionda təsirini qorumağa çalışır. Dünya dəyişir, amma Rusiya imperializm illüziyasından çıxa bilmir.
Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarar. Artan təcrid Moskvanın yadından həm tərəfdaşlığı, həm də müqavilələri sıxışdırıb çıxarır.












