ABŞ-nin yüksəkrütbəli milli təhlükəsizlik rəsmiləri, Yevgeni Priqojinin “ədalət yürüşü”ndən iki gün əvvəl – iyunun 21-də Rusiya müdafiə rəsmilərinə qarşı hərbi əməliyyatlar aparmaq üzrə hazırlıq etdiyini sübut etmişlər. Bu məlumatı “New York Times” mənbəyinə istinadən bildirir.
ABŞ-nin, Priqojinin planlarından ilk dəfə ne vaxt xəbər tutduğu tam olaraq məlum deyil. Amma çərşənbə günü, kəşfiyyat rəsmiləri prezident administrasiyası və müdafiə departamentinin nümayəndələri ilə brifinq keçiriblər. Cümə axşamı günü, daha çox sübut əldə olunduqdan sonra, kəşfiyyat rəsmiləri Konqres liderlərindən ibarət kiçik bir qrupa məlumat veriblər.
Mənbəyə görə, kəşfiyyat xidmətləri, Priqojinin hərbi əməliyyatlarının nəticəsinin necə olacağı barədə proqnoz vermək mümkün olmadığını, lakin bunun Rusiyanın nüvə silahı arsenalına necə təsir edə biləcəyindən narahat olduğunu bildiriblər.
Qəzet xatırladır ki, ABŞ Prezidenti Co Bayden ötən ilin oktyabrında Vladimir Putinin özünü küncəsiz hiss edəcəyi təqdirdə yarada biləcəyi təhlükədən danışmışdı.
Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini “Vaqner” düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırdı, buna cavab verəcəyini vəd etdi. Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirdi.
Ertəsi gün səhər, Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərin nəzarətini və “Vaqner” döyüşçülərinin Moskvaya getmək niyyətini açıqladı. Amma axşam saatlarında bu planlarından imtina etdi. Bundan əvvəl, Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarından məlumat verildi. Bildirildi ki, danışıqlar zamanı “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə olunub. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyam təşkil etmək (Cinayət Məcəlləsinin 279-cu maddəsi) ilə bağlı cinayət işinə son veriləcəyi və onun Belarusa gedə biləcəyi vəd edildi.