15 yanvar 2024-cü il tarixindən SOCAR tərəfindən bərpaolunan enerji layihələrini dəstəkləmək məqsədilə təqdim edilən “Yaşıl” istiqrazlara abunə yazılışı start götürdü. Bu barədə “SOCAR Capital”ın açıqlamasına istinadən xəbər verilir.
Yeni buraxılan istiqrazların nominal dəyəri 1000 ABŞ dolları təşkil edir və illik 6% gəlirlilik təmin edir. İstiqrazların müddəti 5 il olaraq müəyyən edilib, kupon ödənişləri isə hər 3 aydan bir həyata keçiriləcək. Ümumi buraxılış məbləği 200 milyon ABŞ dollarıdır və istiqrazları əldə etmək istəyən şəxslər üçün son müraciət tarixi 28 fevral 2024-cü ildir.
Toplanan vəsait SOCAR-ın ekoloji təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək məqsədilə həyata keçirəcəyi prioritet layihələrə yönəldiləcək. Şirkət bu emissiya ilə həm davamlı gəlir imkanları yaratmağı, həm də ölkədə “yaşıl” enerji təşəbbüslərini gücləndirməyi hədəfləyir. Layihə “Yaşıl Gəlir, Yaşıl Gələcək” devizi ilə təqdim edilir.
İstiqrazlar SOCAR-ın 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki köşklərdə, həmçinin ölkədə fəaliyyət göstərən investisiya şirkətləri vasitəsilə əldə oluna bilər. Buraxılışın anderrayteri isə “PAŞA Kapital” İnvestisiya Şirkətidir.
Bu istiqrazlar ölkəmizin “yaşıl” enerji sahəsindəki məqsədlərinə də əhəmiyyətli dəstək verəcək.