“Bank VTB Azərbaycan” ASC 2023-cü ilin I yarımilində 5,7 milyon manat xalis mənfəət əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 7,4% azdır. Bank 2022-ci ilin ilk yarısında 6,2 milyon manat xalis mənfəət açıqlamışdı.
“Bond” bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 8% artaraq 13,5 mln. manat təşkil edib. Bankın faiz xərcləri 5,4% azalaraq 3,5 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 9,5 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 13,1% çoxdur. Bankın qeyri-faiz gəliri 2,6 dəfə və ya 4,9 mln. manat azalaraq 3,2 mln. manat, qeyri-faiz xərcləri isə 20,9% azalaraq 12,1 mln. manat təşkil edib. 2023-cü ilin I yarısında Rusiya bankının törəməsi 479 min manat əməliyyat mənfəəti əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə azdır. Halbuki, ötən ilin ilk yarısında bank 1,04 mln. manat əməliyyat mənfəəti açıqlamışdı.
1 iyul 2023-cü il tarixinə bankın cəmi aktivləri 1,7% azalaraq 234,3 milyon manata enib. Kredit portfeli isə (müştərilərə verilmiş xalis kreditlər) 10,8% böyüyərək 152,7 milyon manata çatıb. “Bank VTB Azərbaycan”nın öhdəlikləri isə 6,3% azalaraq 148,1 milyon manata enib. Bankın depozit portfeli 10,8% və ya 10,2 mln. manat azalaraq 84,6 milyon manata, o cümlədən fiziki şəxslərin bankdakı əmanətləri 8,2 mln. manat azalaraq 55,6 mln. manata, hüquqi şəxslərin əmanətləri isə 1,97 mln. manat azalaraq 29,1 mln. manata enib.
Bu dövrdə bankın cəmi kapitalı 7,5% artaraq 86,2 milyon manata bərabər olub. Eyni zamanda, bankın bölüşdürülməmiş zərəri də 236,8 mln. manatdan 231,1 milyon manata kimi azalıb.