Qan Turalı yazır…
ABŞ-nin yeni Prezidenti Donald Trampın inaqurasiya mərasimi fonunda ən çox müzakirə edilən mövzulardan biri də “TikTok”dur. Biz də ABŞ-də və ölkəmizdə bu məsələnin necə qoyulduğunu təhlil etməyə çalışaq.
ABŞ ilə başlayaq. “TikTok”un sahibi “Baytdans” şirkətidir. ABŞ Ali Məhkəməsi də “TikTok”un satılması, satılmadığı təqdirsə isə bağlanması haqqında qanunu təsdiqlədi. Bununla da “TikTok”un kitabı bağlandı. Telefonlardan bu tətbiqi açanlar sözügedən qanunun qüvvəyə minməsi ilə bağlı xəbərdarlıqla rastlaşırdılar.
Ancaq Tramp dövrəyə girdi və qanunun icrasını ləngidəcəyini bildirdi. Bu açıqlamadan sonra “TikTok” yenidən fəaliyyətə başladı. ABŞ-də bu platformanın 170 milyon istifadəçisi var. Təxminən, ABŞ əhalisinin yarısı qədər…
Trampın açıqlamasından sonra “TikTok” öz üzvlərinə göndərdiyi mesajda Trampa təşəkkür etdi və yeni prezidentlə birlikdə çalışacaqlarını vurğuladı.
Yeni prezident əvvəldən “TikTok”un əleyhinə idi. Ona görə də onun yeni mövqeyi maraq doğurur. Tramp nəyə əsasən “TikTok”a münasibətini dəyişdirir? Onun bu gün imzaladığı sərəncamla Ali Məhkəmənin qəbul etdiyi qanunun qüvvəyə minməsi 75 gün gecikdirilir. 75 gün sonra nə olacaq? Məhkəmənin qərarı qüvvədə qalacaq. İcra müddəti nə zamana qədər ləngidilə bilər?
Məhz buna görə də “Apple” təkcə “TikTok”u yox eləcə də bu şirkətin digər 9 tətbiqini öz tətbiq mağazasından (App Store) silib. “Apple” bu qərarını məhkəmə qərarının icrası kimi izah edir.
ABŞ-nin “TikTok”la bağlı narahatlığı əsasən milli təhlükəsizlik kontekstindədir. Belə ki, ABŞ “TikTok”un öz istifadəçiləri haqqında məlumatların Çinə verildiyini iddia edir. “TikTok” isə bu iddiaları qətiyyətlə təkzib etsə də, ona nə ABŞ rəhbərliyi inanır, nə də ictimaiyyət…
Ancaq dünyada “TikTok”dan başqa sosial şəbəkələr də mövcuddur. Onların hamısı ABŞ mərkəzlidir. “Facebook”, “X”, “Instagram”, “YouTube”, “WhatsApp”… Bəs bu tətbiqlər insanlardan topladıqları şəxsi məlumatları ABŞ hökuməti ilə bölüşmürlərmi? Bunu inkar etmək mümkünsüzdür. Ancaq ABŞ sosial mediaya nəzarətin tamamilə öz əlində olmasını istəyir. Digər ölkələrin, digər xalqların təhlükəsizliyi ABŞ üçün heç bir zaman prioritet olmayıb.
Çinə gəldikdə isə, əvvəlki abzasda qeyd olunan sosial şəbəkələr Çində aktiv deyil. Yəni, ABŞ Çin vətəndaşları haqqında heç bir informasiya toplaya bilmir. Bu da məsələni mürəkkəbləşdirir. Çində heç “TikTok” da aktiv deyil. Deməli, əsas məqam bu iki ölkənin təhlükəsizliyidir. Başqa ölkələr isə… Onlar çox da əhəmiyyət daşımır.
“TikTok”un problemi isə təkcə milli təhlükəsizliklə bağlı deyil. “BBC Three” araşdırmaları “TikTok”la bağlı bir sıra dəhşətli məqamları üzə çıxarır. Belə ki, bu şəbəkədə yalan, panika yayan, təxribat xarakterli xəbərlərin çox sürətlə yayıldığı da üzə çıxır. Şirkətin keçmiş işçilərinin dediklərinə görə şirkət üçün əsl hədəf istifadəçi sayının və videoların izlənmə rəqəmlərinin artmasıdır. Xəbərlərin düzgün olub-olmadığına isə əhəmiyyət verən yoxdur.
“BBC Three” ABŞ, İngiltərə və Fransada baş vermiş dörd hadisəni misal gətirərək “TikTok”u ifşa edir. Belə ki, ABŞ-də baş vermiş bir qətl hadisəsində “TikTok” fenomeni və istifadəçiləri günlərlə heç bir günahı olmayan insanları ittiham edir, onları linç etdirirdi. Əslində isə bu şəxslərin heç bir günahı olmadığı üzə çıxdı. Ancaq gec idi, onlarla bağlı videolar milyard dəfələrlə izlənmişdi.
Bu və bu kimi sosial linç, təxribat məzmunlu kampaniyalar nəticəsində insanlara böyük ziyan dəyir. “Nəzarətdən çıxan yanğın”ı xatırladan bu cür kampaniyalar nəticəsində insan hüquq və azadlıqları barədə deyilənlər, yazılanlar zibilliyə atılır.
Göründüyü kimi, məsələ təkcə ABŞ ilə, onun milli təhlükəsizlik qayğıları ilə bağlı deyil. Hər bir ölkənin bu barədə narahatlıqları vardır. Ancaq bu məsələlər necə həll olunacaq? Bu çətin sualdır.