İran və Azərbaycan arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəddə iki ölkə arasında nəqliyyat, gömrük, neft, qaz, su, elektrik, preferensial ticarət, investisiya sahələrində yeni əməkdaşlıq qapıları açılacağı və iki ölkənin əlaqələrinin maksimum inkişaf etdirilməsi nəzərdə tutulub.
Bəs bu sənədin perspektivlərini necə qiymətləndirmək olar? İki ölkə arasında münasibətlərə necə təsir edəcək?
Milli Məclisin deputatı Aydın Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, İran və Azərbaycan qonşu ölkə olmaqla yanaşı, onları bir-birinə bağlayan çox önəmli məqamlar var:
“Tarixi bağlılıq, milli və dini yaxınlıq iki tərəfi daha geniş ölçü və formatda yaxınlaşdırmağı vəd edir. Müəyyən zamanlarda Azərbaycanla İranı qarşı-qarşıya gətirmək istəyən qüvvələrin fəaliyyətini izləsək də, məsələnin həllində sağlam düşüncə və müdrik yanaşma qalib gələ, bütün ziddiyyətləri aradan qaldıra bilib. Diplomatik yanaşma sayəsində həm siyasi, həm də iqtisadi və mədəni əlaqələrin inkişafında müsbət tendensiyalar nəzərə çarpmağa başlayıb.
Azərbaycan hər zaman çalışıb ki, İranla münasibətləri müsbət dinamika üzrə inkişaf etsin. Bunun üçün münbit şərait hazırda var. İqtisadi əlaqələr sürətli şəkildə inkişaf edir”.
Deputat 44 günlük müharibədən sonra Azərbaycanla İran arasında münasibətlərin daha da inkişaf etdiyini diqqətə çatdırıb:
“Zəngilan rayonunun Ağbənd bölgəsində iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılması, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün İran ərazisindən keçəcək layihələri razılaşdırılıb, tikinti işlərinin artıq bu il başa çatdırılacağı barədə proqnozlar verilir. Bu layihənin hər iki ölkə, eyni zamanda bütün region üçün nə qədər əhəmiyyətli olduğunu da söyləyə bilərik. 2023-cü il dekabrın 30-da Azərbaycanın İranla sərhədində Astara çayı üzərində yeni inşa edilmiş avtomobil körpüsü və piyada keçidinin açılışı olub. 2024-cü il mayın 19-da Araz çayı üzərində açılışı olan “Xudafərin” və “Qız Qalası” su bəndləri iki ölkə arasındakı dostluğun növbəti rəmzidir. Bu layihənin reallaşdırılması hər iki ölkənin bir-birinə olan etimadının göstəricisidir”.
“Azərbaycan-İran arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf etməkdədir. Azərbaycanla İran arasında nəqliyyat sahəsində də əməkdaşlıq geniş potensiala əsaslanır və bu istiqamətdə hazırda işlər sürətlə davam edir. Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının yanvarın 22-də Tehranda keçirilən 16-cı iclasında tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinin artırılması barədə razılığa gəliblər. Dəhlizin tam gücü ilə fəaliyyət göstərməsi üçün Moskvada Rusiya, Azərbaycan və İranın müvafiq qurumlarının rəhbərləri arasında görüşün keçirilməsi nəzərdə tutulub. Hazırda iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilməsi çox önəmlidir. Əməkdaşlığımızın inkişafı İranla Azərbaycanı bir-biri üçün strateji tərəfdaşa çevirəcək”, – deyə millət vəkili əlavə edib.
Siyasi şərhçi İlyas Hüseynov da Oxu.Az-a açıqlamasında bildirib ki, İran ilə Azərbaycan arasında münasibətlər ötən dövr ərzində müəyyən sarsıntılar keçirib:
“Azərbaycan hər zaman öz qonşuları ilə mehriban qonşuluq siyasəti çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafına çalışıb. Azərbaycanla İran arasında imzalanan sənəd bu kontekstdə mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlıq təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə yanaşı, həm də müxtəlif sahələrdə əlaqələrin daha da dərinləşməsinə imkan yaradacaq. Xüsusilə nəqliyyat, gömrük, su, qaz, neft, elektrik, preferensial ticarət, investisiya sahələrində yeni əməkdaşlıq üfüqləri formalaşır və eyni zamanda, bu gün dövlətlər özləri də yeni dünya nizamına uyğunlaşmağa çalışırlar. Bu baxımdan, İran həm də Azərbaycanın geostrateji mövqeyini, yeni geosiyasi reallıqları qəbul edir və bunun əsasında münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan da yalnız regionda əməkdaşlıq üçün bütün gücünü səfərbər edib”.
“Hesab edirəm ki, bu əlaqələrin inkişafını nəzərdə tutan sənədin imzalanması hazırda kifayət qədər ciddi maraq doğurur. Bu, regionda və dünyada gedən geosiyasi proseslərin də nəticəsi kimi dəyərləndirilə bilər. Eyni zamanda, bu gün dövlətlər həm də müxtəlif platformalarda birləşirlər. Bu platformalardan biri də “3+3″dür. İran bunu dəstəkləyən dövlətdir. Bu baxımdan, hesab edirəm ki, münasibətlərin qlobal miqyasda əhəmiyyəti var və biz qarşıdakı dövrdə Bakı və Tehran arasında münasibətlərdə yeni mərhələnin başlayacağına ümid edə bilərik”, – deyə şərhçi fikrini yekunlaşdırıb.
Mərahim Nəsib