“Biz işimiz nəticəsində əldə olunmuş razılaşmaları press-relizlər şəklində dərc edirik və bu çərçivədən kənara çıxmırıq”.
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan bəyan edib.
O, “Ermənistan” blokundan olan deputat Qarnik Danielyanın demarkasiya zamanı Əskipara-Kirants zolağından hər hansı bir hissənin Azərbaycana verilib-verilməyəcəyi ilə bağlı sualını cavablandırıb.
“Bizim təsdiq edilmiş əsasnaməmiz var və orada qərarların necə qəbul edildiyi və bu qərarların necə qüvvəyə mindiyi aydın şəkildə göstərilib. Bu çərçivədə siz öz sualınıza cavab tapa bilərsiniz”, – deyə M.Qriqoryan bildirib.
Lakin Q.Danielyan cavabı qənaətbəxş hesab etməyərək yenidən konkret cavab tələb edib.
M.Qriqoryan isə öz növbəsində məsələnin vacibliyini və həssaslığını nəzərə alaraq, deputatı bu cür məlumatı əldə etdiyi mənbəni açıqlamağa çağırıb:
“Razılaşmaların əldə olunduğu məsələlər açıqlanır və məxfi qala bilməz. Son görüşdən bizim razılaşdığımızı əks etdirən press-reliz var. Əgər sizin dediyiniz bu müqavilədə yoxdursa, deməli, o yoxdur”, – deyə baş nazirin müavini vurğulayıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyasının şimaldan cənuba doğru davam etdirilməsi istiqamətində 16 yanvar görüşündə razılıq əldə edilib.