Bakı şəhəri, Xətai rayonu, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən “Tikmat” MTK-ya məxsus mənzillərin vətəndaşları redaksiyamıza müraciət ediblər.
Vətəndaşların sözlərinə görə, yaşadıqları binada onlar üçün ayrılan parkinq yerləri ləğv edilərək yerində “VIVA city” alış-veriş mərkəzi tikilib. Bu da binaların həyətində xaotik mənzərə yaradıb. Avtomobillərin nizamsız halda binaların həyətinə park edilməsi vətəndaşların hərəkətini çətinləşdirib, onların hərəkəti üçün yer azalıb. Sözügedən binaların həyəti avtomobil bazarından fərqlənmir.
Oxu.Az-ın əməkdaşı məsələni araşdırmaq üçün əlaqədar qurumların mövqeyini öyrənməyə cəhd edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq qeyd edilib ki, qurumun bu məsələdə məsuliyyəti yoxdur.
Xətai Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən isə bildirilib ki, həmin binalar MTK-ya aiddir və onun ərazisidir.
Sorğulardan alınan cavablara diqqət etsək, ortaya çıxan reallıq budur ki, aidiyyəti qurumlar üzərlərinə məsuliyyət götürmürlər, MTK-lar isə istənilən addımı ata bilərlər.
Məsələ ilə bağlı “VIVA city”nin mövqeyini öyrənmək üçün qaynar xətti ilə əlaqə qurmağa çalışsaq da, heç bir əlaqə nömrəsini tapa bilmədik.
Yalnız alış-veriş mərkəzinin tərkibində yer alan mağazalardan birinin sahibi sorğumuzu çatdıracağını qeyd etdi. Ancaq açıqlama vermək üçün geridönüş edən olmadı.
“Tikmat” MTK da qeybə çəkilən şirkət olduğu üçün əlaqə nömrəsi tapa bilmədik. Axtarış üzrə əlaqə saxlaya biləcəyimiz bir məsul şəxs ortaya çıxmadı.
Qeyd edək ki, məsələ ilə bağlı adı hallanan tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Məhərrəm Əliyev