“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, bu gün 20 Yanvar faciəsinin günahsız qurbanları ehtiramla yad olunub. Xarici KİV-də həm bu günün tarixindən, həm də ölkəmizin siyasi mövqeyindən, uğurlarından bəhs edən xəbərlər təqdim olunub.
İordaniyanın “Ammon News” nəşrində “Qara Yanvar faciəsinin 35-ci ildönümü” sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsindən bəhs olunur, Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisələr aparılıb. Bildirilib ki, misirli alim Şeyx Məhəmməd əl-Ğəzali “Acı həqiqət” kitabında 20 Yanvar faciəsində azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayıb, Azərbaycan xalqının beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara məruz qaldığı qeyd olunub.
Çinin “Global Times” nəşri xəbər verir ki, bu ölkənin Ticarət Nazirliyi bildirib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Çin və Azərbaycan Bakıda ikitərəfli bazara çıxış danışıqlarının birinci mərhələsini keçiriblər. Mənbə yazıb ki, hər iki tərəf mal və xidmət ticarəti ilə bağlı ətraflı müzakirələr apararaq müəyyən konsensus əldə ediblər. Tərəflər, həmçinin sonrakı danışıqları sürətləndirmək və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına erkən daxil olmasını dəstəkləmək barədə razılığa gəliblər.
İsrailin “i24News” nəşri oxucularının diqqətinə çatdırıb ki, Azərbaycanda yəhudi icmasının liderinə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər həbs ediliblər. Qeyd olunub ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ölkənin yəhudi icmasının yüksəkvəzifəli nümayəndəsinə qarşı sui-qəsdin qarşısını alıb.
Mənbə hüquq-mühafizə orqanlarının məlumatına əsasən xəbər verib ki, terror aktını təşkil etməkdə iki nəfər şübhəli bilinib – Azərbaycan vətəndaşı Aqil Aslanov və Gürcüstan vətəndaşı Ceyhun İsmayılov. Yəhudi icmasından mənbəyə bildirilib:
“Biz bu işdən xəbərdarıq və kimin hədəfə alındığını bilirik. O, İsrail-Azərbaycan əlaqələrinin inkişafı üçün çalışan bir fiqurdur və mətbuatda adı mütəmadi olaraq çəkilir”.
Ətraflı Baku TV-nin süjetində: