Belarusda prezident seçkisinin əsas səsvermə günü keçirilir. Bununla əlaqədar ölkədə 5.3 mindən çox məntəqə işə başlayıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verib.
Bildirilib ki, təxminən 6.9 milyon seçici 5 325 seçki məntəqəsində səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.
Seçki səsvermə siyahılarına daxil edilmiş seçicilərin yarısından çoxu səs verdikdə baş tutmuş hesab ediləcək.
MSK-nın məlumatına görə, 21-25 yanvar tarixlərində keçirilən erkən səsvermədə seçicilərin 41.81%-i iştirak ediblər. Prezident səsvermədə iştirak edən vətəndaşların yarısından çoxunun səsini aldıqda seçilmiş hesab olunacaq.
Kampaniyanı 44 mindən çox yerli və təxminən 500 beynəlxalq müşahidəçi izləyir.
Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun seçkidəki rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydakeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyakdır.
2020-ci il prezident seçkisində seçicilərin 84.28%-i səs verib ki, bunların 41.70%-i erkən səsvermədə iştirak edib. Həmin vaxt Lukaşenko səsvermədə iştirak edən vətəndaşların 80.10%-nin səsini qazanıb.