“The Beatles” rok qrupu 1977-ci ildən bəri ilk dəfə “BRIT Awards” musiqi mükafatının namizədləri sırasına düşüb. Açıqlanan namizədlər siyahısına əsasən, qrup “İlin mahnısı” kateqoriyasında “Now and Then” kompozisiyası ilə mükafat uğrunda mübarizə aparacaq.
Oxu.Az bu barədə TASS-a istinadən məlumat verir.
Bildirilir ki, 45 il ərzində üzərində işlənilən bu trek 2023-cü ilin noyabrında buraxılıb və dərhal Britaniya hit-paradı siyahısına başçılıq edib.
“The Beatles”la yanaşı, mükafat uğrunda 14 namizəd mübarizə aparacaq: “Feels Like I’m Falling in Love” mahnısı ilə “Coldplay” rok qrupu, pop müğənni Dua Lipa (“Training Season”) və ifaçı Artemas (“I Like the Way You Kiss Me”).
“Now and Then”in demo versiyası Con Lennon (1940-1980) tərəfindən 1978-ci ildə yazılıb. Musiqiçinin ölümündən sonra həyat yoldaşı Yoko Ono materialı Pol Makkartniyə verib, lakin mahnının keyfiyyəti onu buraxmaq üçün yetərli olmayıb. Yalnız 2022-ci ildə süni intellekt əsaslı kompüter proqramı vasitəsilə musiqi yazısından artıq səsləri silməyə nail olub. Daha sonra trek 1995-ci ildə yazılmış Corc Harrisonun (1943-2001) ritm gitara partiyası ilə tamamlanıb və Makkartni onu zərb aləti ifaçısı Rinqo Starr ilə birgə işləyib.
Qeyd edək ki, mükafatların təqdimetmə mərasimi martın 1-də London “O2 Arena” meydançasında keçiriləcək.
“The Beatles”in qələbələri
“Grammy”nin analoqu hesab edilən “BRIT Awards” 1977-ci ildə Britaniya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən Böyük Britaniyanın kraliçası II Yelizavetanın hakimiyyətinin gümüş yubileyi münasibətilə təqdim edilib və 25 illik dövrü əhatə edib. Həmin vaxt “The Beatles” üç nominasiyada qalib gəlib: “Ən yaxşı Britaniya qrupu”, “Ən yaxşı Britaniya albomu” (“Sgt. Pepper’s Lonely Hearts Club Band” üçün) və “Səsyazma sənayesinə görkəmli töhfə”. 1983-cü ildə qrup həmçinin “Musiqiyə görkəmli töhfəyə görə” xüsusi mükafatı ilə təltif edilib. Solo ifaçı kimi Makkartni bu mükafatı daha üç dəfə qazanıb və beş dəfə nominasiyaya düşüb.
“Rolling Stone” jurnalının versiyasına görə, “The Beatles” bütün dövrlərin ən böyük ifaçıları siyahısında birinci yeri tutur.
“Liverpool dördlüyü” tarixdə ən çox satılan musiqi kollektividir: dünyada alınan albomlarının sayı 600 milyonu keçir.
Qrup 1960-cı ildən 1970-ci ilə qədər mövcud olub, sonra dağılıb və dörd musiqiçinin hər biri öz karyerasına başlayıb. Hazırda qrupun keçmiş üzvlərindən ikisi – Makkartni (82 yaş) və Starr (84 yaş) sağdır. Lennon 1980-ci ildə Nyu-Yorkda pərəstişkarı tərəfindən güllələnib, Harrison isə 2001-ci ildə xərçənglə uzun mübarizədən sonra vəfat edib.