“Qarabağ xronikası” verilişinin 150-ci buraxılışı yayımlanıb.
Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda ABŞ və Ermənistan arasında yanvarın 14-də imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyadan bəhs edib.
F.İsazadə bildirib ki, sənəd təkcə Vaşinqton-İrəvan münasibətləri ilə bağlı deyil, həm də Cənubi Qafqazın gələcəyinə dair mühüm siqnallar verir, eyni zamanda, bölgədə mövcud olan tarazlığı sarsıda bilər. Hərbi jurnalist qeyd edib ki, Nikol Paşinyana Rusiyadan uzaqlaşmaq üçün bəhanə lazım idi və o bu bəhanəni İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən çıxardı:
“Maraqlıdır, həqiqətənmi, Ermənistanda düşünürlər ki, dar gündə ABŞ və ya Avropa İttifaqı İrəvanın imdad çağırışlarına “hay” verib lazımi dəstəyi təmin edəcək? Məgər ABŞ və Avropa İttifaqının 2008-ci il Gürcüstan və 2022-ci il Ukrayna oyunu göz önündə deyil? Görünür, Ermənistan bu şahmat oyununda özünü qrosmeyster zənn edib, amma unudub ki, bu oyunda nə oyunçu, nə də fiqurdur. O yalnız “şahmat taxtası” ola bilər”.
“Gəlinən nəticə odur ki, ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyası İrəvan üçün böyük imkanlar açan təşəbbüs kimi görünsə də, Ermənistanın Rusiya ilə Qərb arasında balansı necə quracağı açıq sual olaraq qalır. Bu isə o deməkdir ki, sənəd təqdim etdiyi imkanlara baxmayaraq, regional sülh və stabilliyə ciddi zərbə vura bilər”, – deyə F.İsazadə qeyd edib.
Ətraflı Baku TV-nin süjetində: