Ermənistan Xarici Kəşfiyyat Xidməti 2025-ci ildə xidmətin İrəvan üçün görəcəyi riskləri təqdim edən ilk açıq hesabatını dərc edib. Ermənistan xarici kəşfiyyatına görə, bu il Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı hərbi hücumu ehtimalı yüksək deyil.
Lakin qurum əlavə edib ki, Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə sülhün və diplomatik münasibətlərin qurulmaması dövlətlərarası münasibətlərin gərgin saxlanılması üçün real risk yaradır. Üstəlik, xidmət Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib.
Yəni ermənilərin Xarici Kəşfiyyat Xidməti həm sülh və diplomatik münasibətlərdən danışır, həm Azərbaycanın Ermənistana hücum edəcəyini hesab etmir. Lakin bununla yanaşı, ziddiyyətli mövqe sərgiləyərək etnik təmizləməyə məruz qalmış Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq arzularını hərbi-siyasi risk kimi təqdim edir.
Təbii ki, Azərbaycanın başqa ölkələrin ərazisində gözü yoxdur, rəsmi Bakı münasibətlərini milli maraqlar və beynəlxalq hüquq çərçivəsində qurur, mövqeyini bu istiqamətdə formalaşdırır. Üstəlik, Ermənistan müharibədə məğlub olduğu halda, Azərbaycan bu ölkəyə regionda əmin-amanlıq üçün sülh əlini uzadıb. Qərbi azərbaycanlıların dədə-baba yurdlarına ləyaqətli və dinc yolla qayıdışı isə Azərbaycan üçün prioritet məsələlərdəndir. Deməli, İrəvanın bu mövqeyi absurd, haqq işini təhrif etməyə xidmət edən və irqçi siyasətin növbəti göstəricisidir.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistan Xarici Kəşfiyyat İdarəsinin yaydığı hesabatda Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması məsələsinin İrəvan üçün hərbi-siyasi risk kateqoriyasına daxil etməsi hüquqi məsələnin siyasiləşdirilməsi, həqiqətin təhrif edilməsi və dinc qayıdış məqsədlərinin siyasi spekulyasiya mövzusuna çevrilməsidir:
“Çünki Qərbi Azərbaycana qayıdış konsepsiyasında sadəcə hüquqi məsələlərdən, yəni 1987-1991-ci illərə qədər Ermənistan vətəndaşı olmuş azərbaycanlıların vətəndaşlıq hüquqlarının yenidən bərpa olunmasından söhbət gedir. Əgər bu məsələ öz-özlüyündə hər hansı bir hərbi-siyasi risk daşısa idi Qərbi azərbaycanlıların Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciəti qurumun səhifəsində Baş Assambleyanın sənədi kimi yayılmazdı. Yəni bu faktın özü bir daha onu göstərir ki, bu qayıdış sadəcə hüququ məsələdir, heç bir halda siyasi və qətiyyən hərbi məsələ deyil”.
“Burada pozitiv olan məqam isə budur ki, artıq Ermənistanda da dərk edirlər ki, qayıdış olmalı, Qərbi azərbaycanlılar öz hüquqlarını bərpa etməlidirlər. Bu isə həqiqətin, reallığın və mümkün perspektivlərin etirafıdır. Bundan qorxmaq ermənilərin azərbaycanlılara qarşı hələ də davam edən etnik fobiyasının göstəricisidir. Bu etnik nifrət azərbaycanlılara qarşı o qədər çoxdur ki, hətta xüsusi ixtisaslaşmış təhlükəsizlik xidməti belə bu məsələni hərbi-siyasi məsələ kimi təqdim edir. Ancaq bunun heç bir əsası yoxdur”, – deyə müsahibimiz diqqətə çatdırıb.
Mərahim Nəsib