“2024-cü ildə mərkəzdə beş konseptual sənəd hazırlanaraq hökumətə təqdim olunub”.
Oxu.Az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda ingilis dilində xüsusi buraxılış nəşr edilib:
“Yaşıl artım və yaşıl enerjiyə keçidlə bağlı aparılan tədqiqatların nəticələri “Scopus” bazasında indeksləşdirilən Q1 və Q2 reytinqli jurnallarda dərc olunub. 2024-cü ildə mərkəz, həmçinin “İqtisadi inkişaf” monoqrafiyası, “Orta dəhliz”, “Halal iqtisadiyyat”, “İslam ölkələrinin iqtisadi potensialı” kitablarını nəşr edib. 10 fəsildən ibarət 700 səhifəlik “İslam ölkələrinin iqtisadi potensialı” kitabı 30-dan artıq islam ölkəsindən 70-dən çox müəllif, 10 beynəlxalq təşkilat, 20-dən çox beyin mərkəzi və universitetin birgə əməkdaşlığı əsasında hazırlanıb”.
Mərahim Nəsib