ABŞ-nin Kaliforniya ştatının hökuməti Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə və onların nəticələrinin aradan qaldırılması üçün 2.5 milyard dollardan çox vəsait ayırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ştatın qubernatoru Qevin Nyusom “X” hesabında məlumat verib.
“Mən Los-Anceles dairəsində meşə yanğınları ilə mübarizə aparmaq və bərpa işlərinə başlamaq üçün 2.5 milyard dollardan çox vəsait ayrılmasına dair iki sərəncam imzaladım”, – deyə o paylaşımda bildirib.
Qeyd edək ki, yanğın 12300-dən çox tikilini, o cümlədən də məşhurların mülklərini məhv edib. Son məlumatlara görə, yanğınlar nəticəsində 28 nəfər ölüb. Los-Anceles dairəsində baş verən yanğınların vurduğu iqtisadi ziyan isə 250 milyard dolları ötüb.