Baku TV-nin “Necə olmalıdır?” rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Zabrat yolunda sürücülərin və piyadaların qarşılaşdıqları problem haqqında məlumat verilib.
Bildirilib ki, adıçəkilən yolda avtobus zolağı var və avtobus sürücüləri həmin zolağın daxilində hərəkət edirlər. Avtomobillər isə sağa manevr etmək istəyəndə avtobusların hərəkətinə mane olurlar:
“Digər məsələ isə avtobus zolağı xəttinin silinməsidir. Şəhərdən gələn nəqliyyat vasitələri sağa manevr etmək istəyəndə avtobus zolağına daxil ola bilmirlər. Lakin yerdə xətlənmənin və 5.9 yol nişanının olmaması bəzi sürücüləri çaşdırır”.
Vurğulanıb ki, həmin ərazidə piyadaların keçidi üçün şərait yaradılsa da, nə piyada keçidini bildirən nişan var, nə də yerdə xətlənmə. Bu, piyadaların həyatını birbaşa təhlükəyə atmaq deməkdir.
“Digər bir məsələ isə kəsişmədən əsas yola daxil olmaq istəyən sürücülərlə bağlıdır. Onlar yalnız işıqforda qırmızı işıq yananda kəsişməyə daxil ola bilirlər. Bu isə sözügedən ərazidə piyada keçidinin olmasını sual altına qoyur. Yəni piyada keçidi orada yox, kəsişmənin qarşısında olmalıdır”, – deyə əlavə olunub.
Diqqətə çatdırılıb ki, əgər 5.9 yol nişanı yoxdursa, üstəlik zolaq da silinibsə, deməli sürücülər üçün heç bir maneə yoxdur. Kəsişməyə köməkçi yoldan daxil olanlar isə əksər hallarda qırmızı işığı gözləməlidirlər. Çünki yalnız bu vaxt əsas yolda hərəkət dayanır. Əsas yoldan sağa dönmək istəyənlər üçün isə əvvəldə 1.11 üfüqi nişanlanma xətti olmalıdır.
Əlavə olunub ki, işıqforun və piyada keçidinin kəsişmədən sonra olması, həmçinin xətlənmənin doğru olmaması qəza riskini artırır.
Ətraflı süjetdə: