Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
Məlumata görə, AZAL reysinin “qara qutuları” Braziliyada tam şəkildə deşifrə edilib və Qazaxıstana qaytarılıb.
Xatırladaq ki, dekabrın 25-də “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı “J2-8243” nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.