“Digər oyunlarda aldığım vərəqələr komandaya baha başa gəlib. Bunu qəbul edirəm”.
Oxu.Az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Bakıda Rumıniya təmsilçisi FCSB-yə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının oyunundan əvvəl mətbuat konfransında deyib.
“Rəqibi yaxşı analiz etmişik. Bəzi oyunlarını izləmişik. Çox yaxşı hazırlıq keçmişik. Ümid edirəm ki, yaxşı oyun sərgiləyəcəyəm. Komandam üçün əlimdən gələni edəcəyəm. Bəli, digər oyunlarda aldığım vərəqələr komandaya baha başa gəlib. Bunu qəbul edirəm. Amma bundan sonra daha diqqətli olmağa çalışacağam”.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun “Qarabağ” – FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.
Anar Həsənov