Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Azərbaycanın xarici siyasətindəki alternativ yanaşmaları gücləndirəcək. Həm Azərbaycan, həm BƏƏ Cənubi Qafqazda və Yaxın Şərqdəki strateji mövqelərini daha da möhkəmləndirmək imkanı əldə edəcəklər.
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də bu ölkəyə işgüzar səfər edib. Elə həmin gün BƏƏ prezidenti ilə görüşərək müzakirələr aparıb və dövlət başçıları ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.
Yanvarın 14-də isə Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib, Prezident İlham Əliyev də tədbirdə iştirak edib.
İlham Əliyevin BƏƏ-yə səfəri zamanı aparılan danışıqlara daha geniş bucaqdan baxsaq, deyə bilərik ki, müzakirə portfelinə regional sülh, təhlükəsizlik, sabitlik, iqtisadi inkişaf kimi məsələlər daxil edilib.
Oxu.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
BƏƏ ilə Azərbaycanın vizyonu
Siyasi münasibətlərin yüksək səviyyəsi, investisiya tərəfdaşlığı, turizm və mədəni mübadilədə daha geniş sahələrin əhatə edilməsi, energetika sahəsində əməkdaşlıq BƏƏ ilə Azərbaycanı regional təhlükəsizliyin inkişafına töhfə vermək yollarını da axtarmağa sövq edir. Əliyevin Nəhyan ilə danışıqlarına dair yayılan rəsmi informasiya həmin fikri gücləndirir.
Sitat: “Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd etdi ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb.
Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğuladılar. Hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd olundu.
Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd etdi, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun və tərəfdaşlığımızın nümunəsi olduğunu vurğuladı. Həmçinin ölkələrimizin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyi qeyd olundu.
Söhbət zamanı ikitərəfli, regional, qlobal, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı”.
Liderlərin söhbət zamanı regional və qlobal məsələlər barədə müzakirələr aparması iki dövlətin ədalətə əsaslanan təhlükəsizlik modeli qurmaq yolundakı birgə fəaliyyətini təqdim edir. BƏƏ də, Azərbaycan da münaqişələrin sülh yolu ilə həllinə tərəfdardırlar. Onlar beynəlxalq təşkilatlarda sabitliyi təmin etmək istiqamətindəki səylərində zəif və haqsızlığa məruz qalmış dövlətlərin maraqlarını müdafiə edirlər. BƏƏ Körfəz regionunda, Azərbaycan isə Cənubi Qafqaz bölgəsində mühüm strateji mövqe tutur ki, bu da sülh və təhlükəsizlik məsələlərində tərəfdaşlıq üçün əlavə imkanlar açır. Bu amillər BƏƏ-nin Cənubi Qafqazda, Azərbaycanın isə Yaxın Şərq regionundakı maraqlarına müsbət təsir göstərir.
Regional problemlərə oxşar baxışlar
Bir məqama diqqət yetirmək lazımdır ki, BƏƏ ilə yanaşı, Azərbaycan da İranın regionda sülh və təhlükəsizliyə təsirləri ilə əlaqədar narahatlıqlarını bölüşür. Digər tərəfdən, Azərbaycan və BƏƏ Fələstin münaqişəsinin həllinə yanaşmada oxşar yanaşmalar sərgiləyirlər, regionda təhlükəsizliyi pozmaqda maraqlı olan tərəflərin niyyətlərində gizlənən təhlükələri müzakirə predmetinə çevirirlər.
Proseslər Azərbaycan Prezidenti İlham Əliyevin geniş regional strategiyası ilə izah olunan sürpriz məsələləri də üzə çıxarır. Belə ki, Azərbaycan BƏƏ ilə qarşılıqlı əlaqələri ənənəvi müttəfiqliklərdən fərqlənən alternativ xətlə inkişaf etdirib özünün Cənubi Qafqaz və Yaxın Şərq maraqlarında sinxronluq qurur. BƏƏ-Azərbaycan əməkdaşlığı qlobal nüfuz uğurundakı mübarizələr fonunda fərqli bir model yaradır.
Cənubi Qafqaz strategiyasının effektivliyi güclənəcək
İlham Əliyevin BƏƏ-yə səfəri iki dövlətin əməkdaşlıq müstəvisində yeni bir mərhələyə qədəm qoyacağını göstərir.
Bu, öz növbəsində Azərbaycanın Cənubi Qafqaz strategiyasının effektivliyini gücləndirəcək və onu Yaxın Şərqdəki maraqlarını yenidən qiymətləndirməyə sövq edəcək. Bu kontekstdə Bakı ilə Əbu-Dabinin regional siyasətlərdə uyğunlaşması təbii proses olaraq tərəfləri Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumundan irəli gələrək yeni addımların atılmasına yönəldə bilər. Başqa sözlə desək, səfər Azərbaycanın xarici siyasətindəki yanaşmaları gücləndirəcək, Cənubi Qafqazda və Yaxın Şərqdəki strateji mövqeyini daha da möhkəmləndirəcək. Bu məntiqə uyğun olaraq Bakı ilə Əbu-Dabi ortaq təhlükələri effektiv şəkildə aradan qaldıran mexanizmlər hazırlaya bilər.