“Bakı şəhəri, Nərimanov rayonunun Ağa Nemətulla küçəsində yol kəsişməsində vaxtilə kənar şəxslər tərəfindən kustar üsulla asfalta çəkilən dairə cizgisi sürücülər arasında çaşqınlıq yaradırdı. Həmin yol kəsişməsində hərəkətin təşkili məqsədilə müvafiq yol nişanlarının qoyulmasına, nişanlanma xətlərinin çəkilməsinə və uyğunsuzluğun dəfələrlə aradan qaldırılmasına baxmayaraq, bəzi sürücülər tərəfindən qaydalara riayət olunmayıb və ərazidə xaotik vəziyyət yaranıb”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, əraziyə bir daha baxış keçirilib və çaşqınlıq hallarını birmənalı minimuma endirmək üçün Ağa Nemətulla və Çaykovski küçələrinin kəsişməsində “sarı tor” təşkil edilib:
“Məqsəd növbəli hərəkəti təşkil etməklə ərazidə təhlükəsizliyi artırmaq və nizamlılığı təmin etməkdir. Sözügedən ünvanda təhlükəsizliyi artırmaq məqsədilə yol cizgi xətləri və piyada keçidləri təşkil edilib.
Sürücülər hərəkətdə olarkən ərazidə quraşdırılan yol nişanlarının və yol cizgi xətlətinin tələblərini mütləq qaydada rəhbər tutmalıdırlar. İşıqforların quraşdırılması da aidiyyəti qurumlarla razılaşdırılıb”, – deyə məlumatda bildirilib.
Aləmdə Nəsib