“Eritreyada saxlanılan gəmilərimizlə bağlı qarşı tərəflərlə danışıqlar davam edir”.
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ankara və Moskva səfirlikləri vasitəsilə danışıqlar davam edir:
“Əlavə edim ki, danışıqlarda müsbət irəliləyişlər müşahidə olunur. Bildiyiniz kimi, nə Azərbaycanın Eritreyada, nə də Eritreyanın Azərbaycanda diplomatik təmsilçiliyi var. Ancaq əlaqələndirilmiş şəkildə Azərbaycanın Xarici İşlər Nazirliyi, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyi, Xəzər Dəniz Gəmiçiliyi ilə birgə əlaqələndirilmiş şəkildə müxtəlif diplomatik missiyalarımız vasitəsilə fəaliyyətdəyik, qarşı tərəflə danışıqlar gedir”.
Xatırladaq ki, Azərbaycana məxsus üç gəmi heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılıb.
Azərbaycan XİN-dən verilən məlumata görə, 7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreya dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb.
Mərahim Nəsib