Yanvarın 23-24-də Yeni Kaledoniyada Fransanın müstəmləkələri olan ərazilərin daxil olduğu Beynəlxalq Dekolonizasiya Cəbhəsinin birinci konqresi keçirilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “La1ere.francetvinfo.fr” nəşrinin dərc etdiyi yazıda bəhs edilir.
Yazıda bildirilir ki, Azərbaycanın Bakı şəhərində baş tutan görüşdən sonra bir sıra dənizaşırı ərazilərdən və Korsikadan olan müstəqillik hərəkatlarının nümayəndələri yanvarın 23-ü və 24-də Yeni Kaledoniyada Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təsis qurultayı üçün görüşəcəklər.
Qeyd edilir ki, konqres altı Fransa ərazisindən və iki Niderlanddan olan nümayəndələri bir araya gətirir. Konqresdə Fransanın nəzarətində olan ərazilərdən Martinika, Qvadelupa, Qayana, Yeni Kaledoniya, Korsika və Fransız Polineziyası birləşir. Niderland tərəfindən isə Bonayre və Sent-Martin adasının cənub hissəsi təmsil olunur.
Martinika (Palima) Azadlıq Partiyasının prezidenti Fransis Karolun sözlərinə görə, məqsəd birgə fəaliyyət barədə qərarlar qəbul etməkdir.
“Biz müstəmləkə sularında bəzək balıqları olaraq qala bilmərik. Bu konqres Beynəlxalq Dekolonizasiya Cəbhəsinin adı və siyasi nizamnaməsi ilə bağlı qərar verməlidir”, – deyə o bildirib.
“Fransa müstəmləkələrində müstəqillik hərəkatlarını dəstəkləməkdə fəallıq göstərən Bakı Təşəbbüs Qrupu öz sosial şəbəkələrində yanvarın 23-24-də Numeada baş verən hadisələri işıqlandırıb. Bakı həqiqətən də keçən ildən Fransanın müstəqillik qruplarının nümayəndələri arasında görüşləri asanlaşdırmaq üçün hər cür səy göstərir.
2023-cü ilin iyulunda yaradılan “Bakı Təşəbbüs Qrupu”nun məqsədi anti-müstəmləkəçilik hərəkatlarını dəstəkləməkdir. Yarandıqdan sonra Azərbaycan Martinika, Qayana, Yeni Kaledoniya və Fransız Polineziyasından müstəqillik müdafiəçilərini konfrans üçün Bakıya dəvət etdi”, – deyə yazıda vurğulanır.