55 yaşlı kişi Almaniyanın paytaxtı Berlində bir ildən çox hoteldə pulsuz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb.
Prokurorluqdan bildirilib ki, həmin şəxs 2023-cü ilin aprelində həyat yoldaşı və iki uşağı üçün otaq sifariş edib. O, yaşayış qoşqusunun yandığını, özünün isə xərçəng xəstəliyindən əziyyət çəkdiyini iddia edib. Sonradan bu iddiaların yalan olduğu üzə çıxıb.
Dələduz hoteldəki xərcləri bir avtomobil klubunun ödəyəcəyini desə də, bunun da yalan olduğu məlum olub. Nəticədə onun 100 min avrodan çox borcu yaranıb. O, 2024-cü ilin avqustunda hesabı ödəmədən hoteli tərk edib.
Mart ayında barəsində həbs qətimkan tədbiri seçilən şəxs bir müddət saxlanılsa da, sonradan sərbəst buraxılıb. Hazırda istintaq davam edir.




