Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycanla enerji sahəsində imzalanan sazişlərin strateji tərəfdaşlığı gücləndirəcəyini bildirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Baş nazir qeyd edib ki, Prezident İlham Əliyevlə görüşün yekununda enerji və nəqliyyat sahələrində mühüm sənədlər imzalanıb. Kobaxidze bu sazişlərin iki ölkə arasında strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcəyini vurğulayıb.
"WUF13 çərçivəsində Prezident İlham Əliyevlə görüşməkdən məmnun oldum. Görüş zamanı regionumuzun qlobal bağlantılardakı rolunu gücləndirən birgə layihələrə xüsusi diqqət yetirməklə strateji tərəfdaşlığı müzakirə etdik", - o qeyd edib.
Jurnalistlərə açıqlamasında Kobaxidze Bakı-Supsa neft kəmərinin fəaliyyətinin bərpasından danışıb. "Bu kəmər son üç ildə dayandırılmışdı. Yeni razılaşmaya əsasən, Azərbaycan tərəfi ilə birlikdə onun fəaliyyəti bərpa olunacaq", - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, Bakı-Supsa kəməri Gürcüstanın mülkiyyətində qalır, lakin Azərbaycanla əməkdaşlıq çərçivəsində yenidən tam işlək vəziyyətə gətiriləcək və bu, ölkəyə hər il onmilyonlarla gəlir qazandıracaq.












