Ermənistanın İstintaq Komitəsi "Güclü Ermənistan" alyansının seçki siyahısına rəhbərlik edən Narek Karapetyana qarşı ittiham irəli sürüb. O, xarici vətəndaşlığını gizlətməkdə günahlandırılır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan mediası xəbər yayıb. Bildirilir ki, barəsində cinayət işi açılan N.Karapetyan tanınmış iş adamı, "Güclü Ermənistan" alyansının lideri Samvel Karapetyanın qardaşı oğludur.
İstintaq Komitəsinin məlumatına görə, cinayət işinin açılmasına Daxili İşlər Nazirliyindən alınan bildiriş səbəb olub. İstintaq iddia edir ki, Narek Karapetyan başqa bir ölkənin vətəndaşı olması barədə məlumatı qəsdən gizlədib.
Narek Karapetyan isə ittihamları rədd edərək, indiyə qədər Ermənistandan başqa heç bir ölkənin vətəndaşı olmadığını bildirib. Lakin Ermənistan parlamentinin spikeri Alen Simonyan sosial şəbəkə hesabında onun Rusiya vətəndaşı olmasına dair məlumatlar paylaşıb.
Qeyd edək ki, Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" alyansı iyunun 7-də keçiriləcək parlament seçkisində baş nazir Nikol Paşinyanın komandasının əsas rəqiblərindən biri hesab olunur.












