Hindistanın Qulmarq şəhərində dəhşətli anlar yaşanıb. 300-dən çox turist Asiyanın ən hündür kanat yollarından birində saatlarla köməksiz qalıb.
Oxu.Az PTI agentliyinə istinadən xəbər verir ki, kanat yolunun hər iki xətti texniki nasazlıq səbəbindən dayanıb. Bu səbəbdən 65 kabinədə olan turistlər təxminən 150 metr yüksəklikdə qapalı qalıb.
Nasazlıq turistlər arasında panikaya səbəb olub. Xilasetmə əməliyyatı 7 saat davam edib. Güclü leysan işi daha da çətinləşdirib.
Yerli hakimiyyət nümayəndəsi bildirib ki, bütün insanlar sağ-salamat təxliyə edilib.












