İyunun 8-də İstanbulda keçirilən 10-cu üçtərəfli görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Görüşdə strateji tərəfdaşlıq, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq müzakirə olunub.
Nazirlər Azərbaycan-Gürcüstan münasibətlərinin regional sabitlik üçün əhəmiyyətini vurğulayıblar. Birgə layihələr – Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz həm regional, həm qlobal əhəmiyyət daşıyır.
Tərəflər üçtərəfli əməkdaşlıq formatının regional rifah, enerji və nəqliyyat bağlantılarına töhfələrini qeyd ediblər.












