Vaşinqton İranın tələblərinə cavab olaraq, iki ölkə arasındakı münaqişənin tənzimlənməsi prosesini davam etdirmək üçün Tehrana beş şərt təqdim edib.
Bu barədə "Fars" agentliyi məlumat yayıb. ABŞ administrasiyası hesab edir ki, bu addımlar danışıqlar üçün mütləqdir.
Birləşmiş Ştatlar İran ərazisinin bombalanması zamanı dəymiş ziyana görə heç bir təzminat ödəməkdən imtina edir. Həmçinin Vaşinqton 400 kq zənginləşdirilmiş uranın İrandan ABŞ-yə daşınmasını və İranda yalnız bir nüvə obyektinin saxlanılmasını tələb edir.
ABŞ dondurulmuş İran aktivlərinin 25 faizindən çoxunu azad etmək niyyətində deyil. Müharibənin bütün cəbhələrdə dayandırılması məsələsi danışıqlar zamanı həll olunmalıdır.
Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İrana qabaqlayıcı zərbə endirildiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp da ölkəsinin iştirak etdiyini bildirib.
İran İsrailə ballistik raketlər atıb, İsrail hava hücumundan müdafiə sistemlərini işə salıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin öldürüldüyü elan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrə raket zərbələri endirib. Həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb, Hörmüz boğazında gəmi keçidində problemlər yaranıb.
Aprelin 8-də Tramp ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib, aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.












