İran və ABŞ arasındakı razılaşma Vaşinqton tərəfindən maliyyə vəsaitinin köçürülməsini nəzərdə tutmur, lakin digər ölkələrin İslam Respublikasının iqtisadiyyatına sərmayə qoyması mümkündür.
Oxu.Az xəbər verir ki, bu fikirləri ABŞ-nin vitse-prezidenti Cey Di Vens "Fox News"a müsahibəsində deyib.
"Razılaşmada qeyd olunur ki, onlar Amerika pullarından bir qəpik də almayacaqlar. Həmçinin bildirilir ki, əgər iranlılar sazişin şərtlərinə əməl edərlərsə, sanksiyalar yumşaldılarsa və İran dünya iqtisadiyyatına inteqrasiya edərsə, biz ABŞ istisna olmaqla, digər dövlətlərə onların ölkəsinə investisiya yatırmağı təklif edəcəyik. Lakin bu, yalnız razılaşmaya riayət olunduğu təqdirdə mümkündür", - deyə vitse-prezident bildirib.
Bundan başqa Cey Di Vens İranla razılaşmanın şərtlərinin pozulacağı təqdirdə atılacaq addımlardan da danışıb. Bildirib ki, ABŞ administrasiyası Tehranın razılaşmanın şərtlərini pozduğunu hesab edərsə, İrana qarşı yenidən zərbələr endirə və dəniz blokadasını bərpa edə bilər.
"Bu, baş verə bilər. Bu, blokadanın geri qaytarılması demək ola bilər. Bu, bir çox başqa şeylər demək ola bilər. Bütün üstünlüklər bizim əlimizdədir. Əgər onlar razılaşmalara əməl etməsələr, nə edəcəyimizə qərar verəcəyik", - deyə o vurğulayıb.











