Bakıda sosial şəbəkə qalmaqalı cinayətə çevrildi. Bir nəfər həyat yoldaşına Instagram-da mesaj yazan şəxsi qohumları ilə birlikdə yolda döyüb.
Hadisə 2025-ci ilin yanvarında baş verib. Əsəd Bəşirov arvadının hesabına tanımadığı birinin mesaj yazdığını görüb. O, həmin şəxslə görüş təyin edib.
Görüşə tək getməyən Əsəd, qardaşı, bacısı oğlu və qayınını da gətirib. Onlar zərərçəkmiş Habil Yusifovu Masazırda mühasirəyə alıblar. Habil qaçmağa müvəffəq olsa da, Binəqədidə sıxlıqda dayanıb.
Dörd nəfər Habilin avtomobilinə beyzbol çomağı və digər alətlərlə hücum edib. Avtomobilə 15 min 712 manat ziyan dəyib. Daha sonra onu avtomobildən çıxarıb döyüblər.
Məhkəmə bütün təqsirləndirilən şəxsləri xuliqanlıqda təqsirli bilərək şərti cəza verib. Əmlakı məhv etmə ittihamı isə götürülüb.












