Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə komandasının Slovakiyada keçirilən Avropa çempionatının aşkar favoriti olduğunu bildirib.
Fərəczadə "Report"a açıqlamasında qrup mərhələsindəki çıxışı dəyərləndirib: "Komanda güclü olduğunu oyunları ilə sübut edir. Qazaxıstanla matçda qələbə gözləyirik".
O, qeyd edib ki, İtaliya ilə görüşdə komanda çox gözəl oynayıb və rəqibə heç bir şans verməyib. Avstriya ilə oyun isə çətin keçib, səbəb isə ot örtüyünün keyfiyyətsizliyi olub.
"Top otda ilişib qalırdı, bu da gənc və çevik oyunçularımıza maneə yaradırdı. Lakin digər matçlarda yaxşı çıxış etdik", - deyə məşqçi əlavə edib.
Qeyd edək ki, Azərbaycan millisi bu gecə saat 00:00-da 1/8 finalda Qazaxıstanla qarşılaşacaq. Komanda F qrupunu Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək lider başa vurub.












