Peşə xəstəlikləri müasir dövrdə əmək mühitinin ən aktual sağlamlıq problemlərindən biridir. Ağır və zərərli istehsalat sahələrində çalışan şəxslər kimyəvi, toksik və fiziki amillərin təsirinə məruz qalır ki, bu da ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının baş direktoru Mətanət Axundova sualları cavablandırıb.
Peşə xəstəlikləri nədir?
Peşə xəstəlikləri iş mühitində ağır, zərərli və təhlükəli istehsalat amillərinin uzunmüddətli təsiri nəticəsində yaranan, peşə fəaliyyəti ilə birbaşa əlaqəli xəstəliklərdir. Bu xəstəliklər işçinin zərərli amillərə məruz qalması nəticəsində əmək qabiliyyətini müvəqqəti və ya daimi itirməsinə səbəb olur.
Əsas səbəblər kimyəvi-toksik maddələr, istehsalat tozları, səs-küy, vibrasiya, radiasiya, yüksək və ya aşağı temperatur, həddindən artıq fiziki gərginlikdir. Bu amillərə uzunmüddətli məruz qalma orqanizmin normal fəaliyyətini pozur.
Hansı peşələr təhlükəlidir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, nəşriyyat, kimya sənayesi, maşınqayırma, kənd təsərrüfatı, neft emalı, metallurgiya, dağ-mədən sənayesi, tikinti, yüngül və ağır sənaye sahələri yüksək risk qrupundadır.
Risk qrupuna mədənçilər, inşaat fəhlələri, qaynaqçılar, kimya işçiləri, fermerlər, sürücülər, tibb işçiləri və yükləyicilər daxildir.
Kimyəvi-toksikoloji müayinələrin əhəmiyyəti
Bu müayinələr işçilərin sağlamlığını qorumaq və təhlükəsiz əmək fəaliyyətini təmin etmək üçün vacibdir. Zərərli amillərin təsiri vaxtında müəyyən edilir, xəstəliklər erkən aşkarlanır.
Laboratoriyada qan və sidik nümunələrində ağır metallar, uçucu-zəhərləyici maddələr, pestisidlər tədqiq edilir. Yaxın gələcəkdə saç və dırnaq nümunələri də istifadə olunacaq.
Monitorinq və tədqiqat üsulları
Kimyəvi-toksik maddələrin monitorinqi sinir, ürək-damar və tənəffüs sistemlərini qoruyur. Laboratoriyada ICP-MS, GC, GC-MS, GC-MS/MS və LC-MS/MS kimi müasir cihazlardan istifadə olunur.
Nəticələr əsasında işçilərin sağlamlıq vəziyyəti izlənilir, risk faktorları erkən müəyyən edilir.
