Fransanın şərqində, Vingen-sür-Moder kommunasında yerləşən Lalik Zərgərlik Muzeyində iri oğurluq baş verib.
Naməlum şəxslər muzeydən ümumi dəyəri təxminən 4 milyon avro olan zinət əşyalarını oğurlayıblar.
"20-yə yaxın zinət əşyası oğurlanıb. Dəymiş zərər bir neçə milyon avro, ehtimal ki, 4 milyon avrodur", - deyə istintaqa yaxın mənbə bildirib.
Oğurluq yerli vaxtla saat 05:30-da baş verib. Cinayətkarlar birbaşa zinət əşyalarının nümayiş etdirildiyi zala üz tutublar.
Mühafizə siqnalizasiya sistemi işə düşsə də, oğruları saxlamaq mümkün olmayıb. Hadisə yerinə ilk çatan təmizlik işçisi polisə məlumat verib.
Qeyd edək ki, 2025-ci ilin oktyabrında Luvr muzeyində oğurluqdan sonra Lalik Muzeyi "xüsusi nəzarət" altında saxlanılırdı.












