İranın keçmiş ali rəhbəri Ayətullah Əli Xameneinin üç oğlu - Mustafa, Meysəm və Məsud Tehran şəhərində sabiq liderin cənazəsi qarşısında ataları ilə vidalaşıblar.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Bununla belə, hazırkı Ali Lider, oğlu Müctəba Xamenei matəm mərasimində görünməyib.
Mərasim Tehranın şərqində yerləşən Müsəlla dini kompleksinin ərazisində baş tutub. Orada Əli Xameneinin və ailəsinin digər dörd üzvünün - qızı, kürəkəni, gəlini və 14 aylıq nəvəsinin cənazələri yerləşdirilib.
Cənazələrin qarşısında İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibaf da dua oxuyublar.
Xatırladaq ki, iyulun 3-də İranda Əli Xamenei ilə vidalaşma mərasimi başlayıb. Matəm tədbirləri Tehran, Qum, Nəcəf və Məşhəd şəhərlərində keçirilir və bu mərasimlərdə 15 milyondan 20 milyona qədər insanın iştirakı gözlənilir ki, bu da İran əhalisinin təxminən beşdəbirini təşkil edir.












