Azərbaycan qanunvericiliyindən "arvad" sözünün çıxarılması təklif edilir. Bu təklif Milli Məclisin deputatı Bəhruz Məhərrəmov tərəfindən səsləndirilib.
O, parlamentin bugünkü iclasında gender bərabərliyi ilə bağlı məlumatın müzakirəsi zamanı çıxış edib: "Biz qanunvericilikdə qadını hələ də 'arvad' adlandırırıq. Dil inkişaf edir, münasibətlər dəyişir. Heç bir xanım ona bu ifadə ilə müraciət edilməsini arzulamaz".
Deputat Ailə Məcəlləsi başda olmaqla bütün qanunvericilikdə, gələcəkdə Konstitusiyada müvafiq dəyişikliklər edilməsini təklif edib. O vurğulayıb ki, gender məsələlərində ehtiyatlı olmaq və milli ailə dəyərlərini qorumaq vacibdir.
"Azərbaycan cəmiyyətində kişi və qadın rolları aydındır. Qərbin bəzi dairələri 'gender bərabərliyi' adı altında milli-mənəvi dəyərlərimizə təzyiq edir. Lakin biz öz ənənələrimizə əsaslanmalıyıq" - deyə deputat bildirib.












