Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi "Bir", gənclərin innovativ ideyalarını real həllərə çevirmək məqsədilə həyata keçirdiyi "Spark Tələbə İnnovasiya Proqramı"nı uğurla yekunlaşdırdı.
Beş ay davam edən proqramın final mərhələsində 9 komanda öz məhsul və həllərini münsiflər heyətinə təqdim etdi. Finala qədər iştirakçılar Bir ekosisteminin məhsul sahiblərindən mentorluq dəstəyi aldı və müxtəlif təlimlər keçdi.
Bir ekosisteminin yerli innovasiya laboratoriyası "Future Lab"da təşkil olunan finalda ən innovativ həllər təklif edən üç komanda qalib oldu. Birinci yer "KəndYol" komandası (4000 AZN), ikinci yer "AEVIC Esports" komandası (2000 AZN), üçüncü yer isə "Booker" komandası (1000 AZN) qazandı.
"KəndYol" aqrar sahədə istehsalçılar və istehlakçılar arasında əlaqələrin səmərəli qurulmasına yönəlmiş həll təqdim etdi. Layihənin sosial təsir potensialı və davamlı inkişaf perspektivləri nəzərə alınaraq birinci yerə layiq görüldü.
"AEVIC Esports" gənclərin inkişafına və ölkədə esports ekosisteminin gücləndirilməsinə yönəlmiş yanaşması ilə seçildi. Layihə yeni istedadların kəşf edilməsi və esports mədəniyyətinin aşılanmasını dəstəkləyir.
"Booker" komandasının layihəsi bilik və mütaliə resurslarının daha əlçatan paylaşılmasını, oxu mədəniyyətinin inkişafını və geniş oxucu icmasını bir araya gətirməyi hədəfləyir. Müsbət sosial təsir potensialı üçüncü yerə dəyərləndirildi.
Finalda iştirak edən 9 komandanın bütün üzvləri "Bir ekosistemi"nin müxtəlif bizneslərində təcrübə proqramına qəbul olundu. Məqsəd yeni texnologiyalara marağı olan gəncləri bir araya gətirmək, karyera inkişafını stimullaşdırmaq və real iş mühitində praktik təcrübə imkanı yaratmaqdır.
"Bir" Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. "Birbank", "Birmarket", "MilliÖn" və m10-u birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur və strateji tərəfdaşlıqlar sayəsində Bir, Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az












