Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Vəli Babayevin (şərti ad) cinayət işi yekunlaşıb. Hakim Aynur Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə onu 6 ay müddətinə azadlıqdan məhrum edib. İttihama görə, Vəli sevgilisi Fəridə Abbasova ilə mübahisə zamanı qadına xəsarət yetirib.
Hadisə paytaxtın Nizami rayonunda baş verib. Qadının kobud ifadələri səbəbindən yaranan mübahisədə Vəli qəsdən əli ilə Fəridənin baş və sifətinə zərbələr endirib. Nəticədə zərərçəkmişə sol təpə nahiyəsində hematoma ilə nəticələnən yüngül bədən xəsarəti yetirilib.
Məhkəmədə ifadə verən Vəli təqsirini etiraf edib. O bildirib ki, Fəridə ilə iki il əvvəl tanış olub və qeyri-rəsmi münasibətdə yaşayıblar.
Hadisə günü saat 13:45-də Vəli evə gəldiyini bildirib. Duş qəbul edib paltar dəyişmək istəyərkən Fəridə qonşuya gedəcəyini və qapını bağlayacağını deyib. Vəli çıxacağını əsas gətirərək qapının bağlanmamasını istəsə də, qadın israr edib. Bu tərəflər arasında gərginliyə səbəb olub və mübahisəyə çevrilib.
Vəli ifadəsində qeyd edib ki, Fəridənin kobud danışması onu əsəbiləşdirib və o, öz hərəkətlərinə nəzarət edə bilməyərək zərbə vurub. Məhkəmədə peşman olduğunu bildirən Vəli sağlamlıq vəziyyəti və azyaşlı övladlarını nəzərə alaraq yüngül cəza istəyib.












