Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən azad edilən polkovnik Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub.
O, dələduzluqda ittiham edilir. İş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin sabiq rəisi, korrupsiya ittihamı ilə həbsdə olan mayor Ruhin Tağıyevdir.
İttihama görə, Babayev Tağıyevdən sərəncama göndərilməməsinə kömək edəcəyi vədi ilə 30 min manat alıb. Lakin sonra Tağıyev həbs olunub.
Respublika Hərbi Prokurorluğu istintaq aparıb və Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə cərimə və ya beş ilədək həbs nəzərdə tutur.
Polkovnik 30 min manatın bir hissəsini ödəməyə razı olduğu üçün həbs edilməyib, alternativ qətimkan tədbiri seçilib. İş Bakı Hərbi Məhkəməsinə göndərilib.












