Bu gün Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür.
A.Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra çilingər peşəsinə yiyələnsə də, sənət sevgisi onu səhnəyə gətirib. Bariton səsi ilə dram dərnəyində aktyorluq və müğənnilik edib.
Üzeyir Hacıbəylinin məsləhəti ilə Moskvada Qnesinlər adına musiqi məktəbində təhsil alıb. 1940-cı ildə Bakıya dönərək Opera studiyasında səs quruluşu dərsi alıb. Əmək fəaliyyətinə Opera və Balet Teatrında başlayıb.
60-dan çox partiya ifa edən sənətkar, "Leyli və Məcnun"da Nofəl, "Koroğlu"da Həsən xan və Alı obrazları ilə yadda qalıb. Onun ifası dramatik vüsəti və psixoloji tamlığı ilə seçilib.
1967-ci ildə "Şah İsmayıl" operasını hazırlayıb. "Koroğlu"dakı Həsən xan partiyası ən böyük səhnə uğuru sayılır. Üzeyir bəy haqqında xatirələrində onun yol göstəricisi olduğunu vurğulayıb.
Respublikadan kənarda bir çox şəhərlərdə qastrol səfərlərində olub. Sofiya Opera Teatrında "Karmen"də Eskamilyo partiyasını oxuyub. "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib. 1943-cü ildə Əməkdar artist, 1955-ci ildə Xalq artisti adını alıb.
Ağababa Bünyadzadə 1974-cü il dekabrın 17-də Bakıda vəfat edib, İkinci Fəxri xiyabanda dəfn olunub.












