Türkiyədə Anadolu Respublika Baş Prokurorluğu koordinasiyası ilə genişmiqyaslı əməliyyat keçirilib. İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi qanunsuz mərc oyunları və çirkli pulların yuyulması şəbəkəsini hədəf alıb.
Oxu.Az xəbər verir ki, MASAK hesabatına görə, cinayətkar təşkilat İ.Ö.Ö. tərəfindən koordinasiya edilib. Qrup nəticəsi əvvəlcədən razılaşdırılmış yarışlar və həm qanuni, həm də qeyri-qanuni mərc fəaliyyətlərindən gəlir əldə edib.
Gəlirlər kriptovalyuta pulqabıları vasitəsilə transfer edilib və kimliyi bilinməyən hesablara köçürülüb. Valyuta mübadiləsi məntəqələri və zərgərlik sektorunda fəaliyyət göstərən şəxslər də şəbəkədə iştirak edib.
Maliyyə əməliyyatlarının ümumi həcmi təxminən 192 milyard lirə (7 milyard manatdan çox) olub. İyunun 5-də İstanbul mərkəzli 24 bölgədə eyni vaxtda əməliyyat keçirilib, 80 şübhəli saxlanılıb.
Müsadirə edilən əmlaklar arasında 11 şirkət, 45 nəqliyyat vasitəsi, 16 yaşayış yeri və 11 tarla var. Ümumi dəyəri 350 milyon lirə olan 83 daşınar və daşınmaz əmlak müsadirə olunub. Bank və kriptovalyuta hesabları bloklanıb. Araşdırmalar davam edir.












