Ermənistanın "Zar" poliqonunda "Eagle Partner-2026" hərbi təlimləri başlayıb. Təlimlər beynəlxalq sülhməramlı missiyalara hazırlıq məqsədi daşıyır.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 25-dək davam edəcək manevrlərdə Ermənistan (250 nəfər), ABŞ (58 nəfər), Fransa (24 nəfər) və Yunanıstan (11 nəfər) hərbçiləri iştirak edir.
Təlimlər zamanı sülhməramlı tapşırıqların icrası və hazırlığı üzrə tədbirlər həyata keçiriləcək. Dördtərəfli formatda keçirilən bu manevrlər ilk dəfədir.
ABŞ və Ermənistan arasında "Eagle Partner" təlimləri ilk dəfə 2023-cü ilin sentyabrında, sonuncu dəfə isə 2025-ci ilin avqustunda keçirilib.
Nazirliyin açıqlamasına görə, əsas məqsəd beynəlxalq sülhməramlı missiyalara cəlb olunan bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsini artırmaq, idarəetmə və taktiki rabitə üzrə təcrübə mübadiləsi aparmaq, həmçinin Ermənistan ordusunun sülhməramlı bölməsinin döyüş hazırlığını yüksəltməkdir.












