Almaniya hüquq-mühafizə orqanları Herdekke şəhərinin meri İris Ştalserə qarşı törədilmiş bıçaqlı hücumdan səkkiz ay sonra onun qızına ittiham irəli sürüblər.
Oxu.Az DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə iş üzrə istintaqa rəhbərlik edən Haqen şəhərinin baş prokuroru Bernd Haldorn və təqsirləndirilən şəxsin vəkili Andreas Trode məlumat veriblər.
2025-ci il oktyabrın 7-də İris Ştalser bıçaqlı hücuma məruz qalıb. Prokurorluq qızı anasına iki müxtəlif bıçaqla bir neçə zərbə endirməkdə ittiham edir. Həmçinin onun baş nahiyəsinə naməlum əşya ilə zərbə vurduğu iddia olunur. Hadisə nəticəsində siyasətçi burun sümüyünün sınması da daxil olmaqla müxtəlif xəsarətlər alıb.
Haqen Məhkəməsi ittiham aktının icraata qəbul edilib-edilməməsini nəzərdən keçirir. Təqsirləndirilən şəxsin azyaşlı olması səbəbindən məhkəmə prosesi qapalı keçiriləcək.
İris Ştalser aldığı xəsarətlərdən sonra qısa müddətdə sağalıb və 2025-ci ilin noyabrında Herdekke şəhərinin meri kimi and içib.
Ştalserin övladlığa götürdüyü qızı hadisənin ilk günlərindən əsas şübhəli hesab olunurdu. Bildirilir ki, təcili tibbi yardım xidmətinə zəng edən də məhz o olub.
Vəkil Andreas Trode bildirib ki, müvəkkili hadisədən sonra qısa müddət psixiatriya xəstəxanasında müalicə alıb, lakin sonradan onun anlaqlı olduğu müəyyən edilib. Təhlükəsizlik məqsədilə 17 yaşlı qızın hazırkı yaşayış yeri açıqlanmır.
Qeyd edək ki, İris Ştalser 2025-ci il sentyabrın 28-də Herdekke şəhərinin meri seçilib.












