Niderlandın Amsterdam şəhərinin qərbində idman klubunun binasında güclü partlayış baş verib.
Xilasedicilər dağıntılar altında qalan insanları xilas etmək üçün əməliyyat aparırlar. NOS telekanalının məlumatına görə, partlayış gecə saat 02:00-da (Bakı vaxtı ilə) idman zalında baş verib.
Hadisədən dərhal sonra dağıntılar altından yeddi nəfər çıxarılıb. Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Səhər saatlarında xilasedicilər dağıntılar altında daha çox insanın qala biləcəyinə dair əlamətlər aşkar ediblər.
Səlahiyyətli qurumların qiymətləndirməsinə görə, axtarış-xilasetmə işləri ən azı axşam saatlarınadək davam edə bilər. Partlayışın səbəbləri hələlik məlum deyil.
İdman zalının sahibi bildirib ki, videomüşahidə kameralarının görüntülərində partlayışın binanın döşəməsinin altında baş verdiyi görünür. Birinci mərtəbədə qaz kommunikasiyaları, transformator yarımstansiyası və anbar sahələri yerləşib.
Hadisədən sonra yaxınlıqdakı doqquzmərtəbəli yaşayış binasının sakinləri təxliyə olunublar. Müvəqqəti sığınacaq tapa bilməyən 100-ə yaxın şəxs mehmanxanada yerləşdirilib.
Energetika avadanlıqlarının zədələnməsi nəticəsində 233 təsərrüfat elektrik enerjisi ilə təminatsız qalıb. Ərazidə qazın verilməsi müvəqqəti dayandırılıb.












