Qərbi Avropada ekstremal istilər dəmiryol relslərinin deformasiyasına və asfaltın əriməsinə səbəb olub. Bu, qatarların gecikməsi, reyslərin ləğvi və nəqliyyat infrastrukturunda ciddi nasazlıqlar yaradıb.
BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) rəsmi nümayəndəsi Jan Rodriges bildirib ki, güclü istilər iqlim risklərini və onların nəqliyyata təsirini aydın göstərib.
Rodriges Cenevrədə keçirilən brifinqdə qeyd edib: "Relslərin deformasiyası, asfaltın əriməsi, işıqforların nasazlığı, çay gəmiçiliyində məhdudiyyətlər - bunlar yalnız bir neçə nümunədir."
Məruzəyə görə, 2050-2080-ci illərdə Avropa dəmir yolu şəbəkəsinin 90%-i yüksək temperaturdan təsirlənəcək. Nəqliyyat sektoru ildə 10-15 gün (bəzi ərazilərdə 200 gün) 25 dərəcədən yuxarı hava ilə üzləşəcək.
BMT dövlətləri təbii fəlakət risklərini nəzərə alaraq nəqliyyat sistemlərini yenidən qurmağa çağırıb.












