Berlin polisi anomal istilərə qarşı maraqlı bir üsul tətbiq edib. Polislər xüsusi su şırnaqları ilə həm sakinləri, həm də turistləri sərinləşdirir.
"Tagesspiegel" qəzeti yazır ki, bu tədbir ilk olaraq Brandenburq qapısı ətrafında həyata keçirilib. Polis bildirib ki, indiyə qədər bu məqsədlə təxminən 18 min litr su istifadə olunub.
Hava istiliyi Berlində rekord həddə - 39.9 dərəcəyə çatıb. Bu səbəbdən təcili xidmətlər gücləndirilib, yanğınsöndürənlər çağırışların sayında artım qeyd edir.
İstilər onlarla tədbirin təxirə salınmasına səbəb olub. Şəhər hovuzları qarşısında uzun növbələr yaranıb, işıqforların işində fasilələr müşahidə olunur.
Anomal isti Avropanın bir çox ölkəsini təsir edib. Fransada iyunun 24-ü meteoroloji tarixdə ən isti gün kimi qeydə alınıb. Fransada istilər səbəbindən ölüm halları artıb, dəfn xidmətləri həddindən artıq yüklənib.












