İnsan yaşa dolduqca, hətta yaxşı qulluq edilsə belə, dişlər qaralır. Bu barədə rusiyalı stomatoloq, tibb elmləri namizədi Andrey Juk Gazeta.ru-ya açıqlamasında bildirib.
Mütəxəssis qeyd edir ki, dişlərin rənginə minanın yaşla bağlı dəyişiklikləri, qida vərdişləri və dişlərin ümumi vəziyyəti təsir göstərir.
O vurğulayıb: “Qaralmanı tamamilə dayandırmaq qeyri-mümkündür - bu, yaşla bağlı təbii dəyişikliklərin bir hissəsidir. Lakin prosesi yavaşlatmaq və dişlərin təbii rəng tonunu qorumaq tamamilə mümkündür.”
İllər keçdikcə mina qatı incəlir və daxildəki sarımtıl dentin təbəqəsi daha çox nəzərə çarpır. Qəhvə, çay, qırmızı şərab və tütün kimi məhsullardan yığılan piqmentlər adi fırçalama ilə təmizlənmir.
Depulpasiya olunmuş dişlərdə qaralma daha qabarıq görünür. Belə hallarda dişin daxildən ağardılması üsulu kömək edə bilər.
Həkim əlavə edir: “Dişlərin rəngini qorumaqda peşəkar təmizləmə, yumşaq diş fırçası və qida vərdişlərinə nəzarət böyük rol oynayır.”












